Dövlət Qulluğu  | EDU Company

Dövlət Qulluğu

        Dövlət Qulluğu Haqqında nələri bilməliyik?

       Bugün iş dünyasında öz çəkisinə gör yer almış və çox eşitdiyimiz ifadə var: “dövlət qulluğu”. Ümumiyyətlə hansısa işə başlamazdan öncə onun barəsində məlumatlı və bilgili olmaq, görəcəyimiz iş barəsində informasiyamızın varlığı və gedəcəyimiz yola bələdçiliyimiz təməl prinsipimiz olmalıdır. Bu, maddi və vaxt itkisi baxımından da önəmli faktordur.        

       Gənclərin çoxu universiteti bitirdikdən sonra belə bir problemlə üzləşirlər: işləmək və iş dünyasına yön almaq. Bir sıra gənclərimizin müraciət etdiyi sahələr sırasında dövlət qulluğu xüsusi yer alır. Bəs dövlət qulluğu nədir?

  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

     Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

A növü -  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

  • AA qrupu;
  • AB qrupu;
  • AC qrupu.

B növü -  inzibati icraçı vəzifələr üzrə:

  • BA qrupu;
  • BB qrupu.

İmtahana 4 fənn blokundan suallar salınır:

 

1.       Qanunvericilik – 40 (testdə qanunvericilik üzrə A, B, C, D olmaqla variant sayı 4 olur, digərlərində isə 5 variant),
2.        Məntiq – 30,
3.        Azərbaycan dili – 15,
4.        İnformatika -15 sual.

    Qeyd edək ki, BB və AC qruplarında 100 sualın hamısı qapalı (variantlı), BA və AB qruplarında 100 sualdan 80 sual qapalı, 20 açıq (bir açıq test 2 balla hesablanır) və AA qrupunda 60 sual qapalı, 40 sual açıq (bir açıq test 2 balla hesablanır) formada təqdim olunur.


BB, BA

*    İmtahanda sual sayı 100-dür.

*    Hər iki imtahan eyni gündə baş tutur.

*    Hər ikisində ortaq olan 6-cı təsnifat var (BB 7 və 6-cı, BA 6 və 5-ci təsnifatları əhatə edir).

*    Minimum bal məhdudiyyəti yoxdur.

*    Səhv cavab sayı düz cavab sayına təsir etmir.

 

   BB

*    İmtahanda açıq test olmur.

*    Hər sual 1 baldır və ümumi bal sayı 100-dür.

*    Keçid bal 65-dir.

*    Dövlət orqanlarının tabeliyində olan idarələr və rayon idarələrində işləmək olur.

 

 

 

   

    BA

*    İmtahanda 100 sualın 20-si açıq testdir. ( Qanunvericilik – 8 sual, Məntiq – 6 sual, Azərbaycan dili 3 sual, İnformatika 3 sual açıq).

*    20 açıq sualın hər biri 2 bala vurulur. (80 qapalı test – qapalı testlər 1 balla, 20 açıq test, açıq test 2 balla (40 bal) hesablanır.

*  Ümumi bal sayı 120-dir.

*    Keçid balı 84-dür.

*    BB-ya nisbətən suallar qismən çətin salınır və mövzu sayı çoxdur (mövzular aşağııdakı linkdə göstərilib).

*    Nazirliklər və onlara bərabaər orqanlarda və nazirliklərdən yuxarı orqanlarda işləmək olur (AA, AB, AC - həmin (bütün) orqanların rəhbər vəzifələridir). 

 

    Əgər Sizin BA üzrə sertifikatınız varsa, BB üzrə vəzifələrin müsahibəsində iştirak edə bilməzsiniz. Yalnız sahibi olduğunuz sertifikatın alt qrup müsahibələrində iştirak edə bilirsiniz. Məsələn, Sizin sertifikatınızın altqrupa BB3-dürsə, Siz BB3 və BB4 altqruplarında müsahibəyə çıxarılmış və ixtisasınıza uyğun olan vəzifələrin müsahibələrində iştirak edə bilərsiniz.

       DİM test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədə olma müddəti beş ildir (yəni bir dəfə sertifikat alıb bir ildə 3-4 dəfə olmaqla 5 il ərzində vəzifə tutmaq üçün müsahibələrdə iştirak edə bilərsiniz). Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. İl ərzində yalnız 5 müsahibədə ödənişsiz iştirak edə bilərsiniz!

*        Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

*   Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə DİM-in,  dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər.

*        Sertifikat üçün qeydiyyatı DİM elan edir və onlayn qaydada DİM-in saytında müvafiq sənədlər vasitəsilə keçirilir.

 

              Dövlət qulluğu Müsahibə mərhələsi

            Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, DİM-in 1 nümayəndəsi, vəzifə təklif edən orqanın 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır

 

       Müsahibə mərhələsi 20-50 dəqiqə arasında keçirilir və təqdim olunmuş suallar 4 istiqaməti əhatə edir. Həmin 4 mərhələli suallar müsahibə elan olunduqda DİM-in saytında göstərilir. 

 

             4 istiqamət belə qruplaşdırılır:

  1.       Ümumi qanunvericilik üzrə,
  2.       Dövlət orqanı üzrə (məhkəmələrdə bu istiqamət yoxdur),
  3.       Vəzifə üzrə,
  4.       Dünyagörüş üzrə (vəzifə tələbinə görə xarici dil biliyi də yoxlanıla bilər).

 

      Müsahibə 20 baldan ibarətdir və uğur qazanmaq üçün minimum 16 bal toplamaq zəruridir. Müsahiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. 

              Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.

            Daimi dövlət qulluğuna qəbul edilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.

            Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.

            Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir.

            Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı müsabiqədə (test və müsahibə) iştirak etmirlər.

           Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində (beşinci ilin sonunda) növbəti sertifikat almaq DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.

         Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.

           Həmçinin namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər.

                Sizin ali təhsil pillələri üzrə bir neçə diplomunuz varsa (2 bakalavr və ya 1 bakalavr, 1 magistr və s.) bu üstünlükdür və sahib olduğunuz istədiyiniz ixtisas üzrə dövlət qulluğunda fəaliyyətinizi apara bilərsiniz.

      Qeyd olunan bütün məlumatlara yiyələnmək və Dövlət Qulluqçusu adını siz də qazanmaq istəyirsinizsə, yolunuzu EDU Company Təhsil Şirkətindən sala bilərsiniz.

    Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;

EDU Company Dövlət qulluğuna hazırlıq

 

 


#Dövlət Qulluğu #Hazırlıq