Magistratura təhsili nədir? | EDU Company

Magistratura təhsili

Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir.

Ali təhsil - tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir: magistratura təhsili bu pillənin ikincisini təşkil edir.

Birinci pillə – bakalavr;

İkinci pillə – magistratura;

Üçüncü pillə – doktorantura.

Bakalavr Təhsili nədir?

Bakalavr təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Ali təhsilin bakalavriat pilləsini bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir.

Magistratura Təhsili nədir?

Magistratura təhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssis hazırlanır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara MAGİSTR ali elmi-ixtisas dərəcəsi verilir. Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd - diplom verilir.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.

Magistraturada təhsil dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Yəni – 1 dəfə ödənişsiz əsaslarla magistratura təhsili almış şəxs növbəti magistratura təhsilini almaq istədiyi zaman yalnız ödənişli əsaslarla oxuya bilər.

            Magistratura qəbul imtahanı zamanı bəzi ixtisaslar üzrə olan nüansları nəzərinizə çatdıraq:

  • Tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər;
  • Tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər;
  • Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər.

Bəs bunu bilirdinizmi? - Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.  Beləcə təhsil almaq istəyən şəxsin qarşısında heç bir əngəl yoxdur.

 

Bəs hansı hallarda sizin imtahan nəticəniz ləğv oluna bilər? Bəzi nüansları nəzərinizə çatdıraq:

  • İmtahanın başlanması elan olunan andan 1,5 saat ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;
  • İmtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
  • Başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
  • Nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
  • Cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
  • Saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;
  • İmtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;


Bakalavrın bu Qaydalarda göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
 

Magistratura  qəbul qaydaları

            Əziz magistratura təhsili almaq istəyən bakalavrlar! nəzərinizə çatdıraq ki, son illərdə magistraturaya qəbul qaydaları dəyişdirilib – başqa sözlə ifadə etsək, Sadələşdirilib! Artıq Magistratura təhsili almaq daha əlçatandır!

Belə ki,

Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il 6 nömrəli Qərarına əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.

Əvvəllər bakalavrlar iki mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanda iştirak edirdilər. Hazırda isə yalnız 1 mərhələdə imtahan vermək kifayətdir.

Bu mətni sonacan oxuduğuna görə sən də Magistratura təhsili almaq arzusunda olanlardansan J Sənə və hər bir Magistratura təhsili almaq arzusunda olan bakalavra uğurlar arzu edirik! Unutmayın ki, siz təhsil almaq istəsəniz, qarşınızdaki heç bir çətinlik sizə əngəl ola bilməz!

Bu amalda sizinlə olmağa daim hazırıq!

EDU COMPANY – TƏHSİLDƏ ƏN ETİBARLI BƏLƏDÇİNİZ!

 


#Magistr